Uzun, alaqaranlıq koridorda bir qəribə, ürəksıxan qəbiristanlıq ab-havası vardı. İşıq yanmırdı. Adam gözə dəymirdi. Dəhlizin o biri başındakı iri, laybalay pəncərələr də eşiyin işığını içəriyə buraxmırdı: pəncərələri ya möhkəm toz basmışdı, ya da hava, hələ axşam düşməmiş qaralmışdı.
Koridorun bircə yerində – şüşəbənd tikilidən bir qədər aralıdakı qapının ağzında bir yekə skamya gözə dəyirdi. Dəhlizdə ondan savayı oturmağa yer yox idi. Və yavaş-yavaş o skamyaya sarı gedən Nüvariş Qarabağlının başı hərlənirdi, ürəyi bulanırdı. Bayaqdan siqaret çəkmək istəyirdi, ancaq əlini uzadıb siqaret qutusnu cibindən çıxarmağa da ərdəmi gəlmirdi, gücü çatmırdı.
Skamyaya yaxınlaşanda qapının bir tərəfində alt-alta divara vurulmuş iki yazılı lövhə diqqətini cəlb elədi. Üstdəki lövhədə iri, qara hərflərlə: “ОТДЕЛ ТРАВМАТОЛОГИ И ХИРУРГИИ”, altdakı lövhədə nisbətən kiçik hərflərlə “Зав. отдел ФАРЗАНИ Фарид Гасанович” sözləri yazılmışdı və doktor Fərzaninin kabinetinin qapısı açıq idi.
Oturub dincəlməyə əşhədi-ehtiyacı olsa da, Nüvariş Qarabağlı həkimin kabineti ağzındakı o skamyada oturmaqdan vaz keçdi. Ona elə gəldi ki, əgər otursa, bir də heç vaxt ayağa dura bilməyəcək. Açıq qapının arasından qorxa-qorxa kabinetin içərisinə baxdı: bir stol, bir-iki köhnə stul, divan, seyf, soyuducu, xırdaca köhnə televizor, elektrik çaydanı, əlüzyuyan… Cibindən siqaret çıxartdı, ancaq onu yandırıb çəkməyə yenə ürək eləmədi. Ürəyi bulana-bulana pəncərəyə tərəf getdi və hələ pəncərənin yanına çatmamış cərrahiyyə otağının bu biri tərəfində də bir uzun koridor olduğunu gördü. Girişində doktor Fərzaninin kabineti yerləşən o boş koridordan fərqli olaraq, bu koridorun çoxlu pəncərələri vardı və koridor boyunca yan-yana düzülmüş palataların nömrələnmiş göy qapılarının hər biri o pəncərələrdən birinin kül rəngli tutqun işığına baxırdı.
Pəncərələrdən birinin qabağında ayağının biri gipsə salınmış bir oğlan qoltuq ağacına söykənib siqaret çəkirdi. Bir nəfər qolu sarıqlı yaşlı qadın palatalardan birinin açıq qapısı qabağında dayanmışdı. Koridorda bu iki adamdan savayı ins-cins gözə dəymirdi.
Nüvariş Qarabağlı bayaqdan əlində saxladığı siqaretini yandırdı, ancaq tüstünü bircə qüllab nəfəsinə çəkən kimi gözlərinə qapqara tor gəldi. Qəfildən yıxılacağından qorxub, divardan yapışa-yapışa özünü həkimin qapısı qabağındakı skamyaya çatdırdı. Və o skamyada bir xeyli oturandan sonra onun gözlərinə gələn o tor seyrəlib, yavaş-yavaş çəkilib getdi.
Nüvariş Qarabağlı gözlərinin qaralmağından narahat deyildi. Buna öyrəncəliydi.
İndi onu hər şeydən çox narahat edən bu əhvalatı Saday Sadıqlının arvadı Azadə xanıma necə çatdırmaq idi.
Nüvariş Saday Sadıqlının evinə gedib-gələn adam idi. Onun arvadının iş yerini də tanıyırdı. İndi Azadə xanım, yəqin ki, hələ işdəydi. Ancaq bu saat burdan durub Azadə xanımın iş yerinə getmək Nüvariş Qarabağlıya həddən ziyadə çətin gəlirdi.
Bu xəbəri Sadayın arvadına hansı şəkildə çatdıracağı barədə düşünməyə o hələ vaxt tapmamışdı. Ən yaxşısı, elə buradaca oturub əməliyyatın qurtarmağını axıracan gözləmək idi. Əməliyyat qurtarandan, Sadayın yaraları sarınandan, huşu yerinə gələndən sonra gedib bu xəbəri Azadə xanıma çatdırmaq Nüvariş Qarabağlı üçün hər halda xeyli asan olacaqdı.
İndiyəcən 3 dəfə evlənsə də, indi bu şəhərdə onun yolunu gözləyən kimsə yox idi.
O, hələ 19–20 yaşlarında, ailə qurmağa ilk dəfə cəhd göstərmişdi: sevdiyi qızı nişansız, toysuz, cehizsiz maşına mindirib, Xırdalandakı ata evinə aparmışdı. Toy-nişan bir yana dursun, ər evinə cehizsiz gəlməyini Nüvarişin anası gəlininə heç cür bağışlaya bilməmişdi. Qayınanasının ayyarımlıq dil və dırnaq savaşından sonra qız bir gün pal-paltarını yığışdırıb, üsulluca həmişəlik çıxıb getmişdi.
Yenə də gəncliyində – hələ teatrda yalnız epizodik rollar oynadığı vaxtlarda – teatrın köhnə işçilərindən birinin “mənzil şəraitini yaxşılaşdırıb” onun Montindəki yarızirzəmi, rütubətli mənzilini Nüvarişə vermişdilər və özünün ikinci arvadı ilə Nüvariş o mənzildə cəmi 9 ay yaşamışdı: arvadı böyrək xərçəngindən dünyasını dəyişmişdi. Nüvariş Qarabağlının üçüncü arvadı Cülyetta teatrın adlı-sanlı artistlərindən birinin 36 yaşlı qarımış qızıydı. 4–5 il uşağı olmadı. Sonra bir oğlan uşağı doğdu və körpənin hələ heç 3 aylığı da tamam olmamış, bir gecə uşağa süd verdiyi yerdə dərin yuxuya gedən Cülyetta o yuxudan ayılanda öz döşlərinincə arasında körpənin boğulub-göyərmiş meyidini gördü. Uşağı əmizdirə-əmizdirə o təhər yuxuya getməyini Cülyetta özünə bağışlaya bilmədi. Ölən uşaq öləndən sonra da kirimədi, ağlayıb süd istədi. Özünü o uşağa mümkün qədər tez yetirmək üçün ana əlindən gələni elədi: yemədi, içmədi, yatmadı. Cülyetta uşağın ölümündən sonra heç 10 gün də yaşamadı. Arıqlayıb çöpə döndü, şam kimi əriyib yoxa çıxdı.
İndi 10 ilə yaxındı ki, Nüvarişin şəhərin mərkəzində ikiotaqlı mənzili vardı.
Bu ilin fevral ayının ortasınacan bu mənzildə Nüvariş Qarabağlı, tək də olsa, çox rahat və indiki yaşayışı ilə müqayisədə, bəlkə də, həddən ziyadə xoşbəxt və firavan gün-güzəran keçirmişdi. Və sən dünyanın işinə bax ki, indi Nüvariş Qarabağlı öz sevimli mənzilinə çox vaxt gecədən-gecəyə və yalnız əlacsızlıqdan gedirdi. Daha öz evində onun bir saat da dincliyi, rahatlığı yox idi. Səbəbi də buydu ki, Baksovetdə çox kiçik, ancaq çox pullu bir vəzifədə işləyən yekəpər, qarnıyoğun heyvərənin birisi – Nüşavirin divar qonşusu, onunla eyni gündə və eyni binanın axırıncı – 10-cu mərtəbəsində mənzil alan, teatrın qocaman və stajlı qarderobçusu Qreta Sarkisovna Minasovanın evini zəbt eləyib, orada əməlli-başlı fahişəxana açmışdı. İndi orda gecə-gündüz çalhaçal, vurhavur idi. Təcrübəli qocaman fahişələrin və bu sənətə hələ təzəcə yiyələnən təcrübəsiz gənc qızların seksdən qabaqkı heyvani qəhqəhə və qışqırtısı və onların seks vaxtı (ya orqazmın özündən, ya da onun imitasiyasından aldıqları) həqiqi və yaxud qondarma həzzin ağlı başdan eləyən çılğın ifadəsi nə zamandan bəriydi ki, artisti nə gündüz yaşamağa, nə gecə yatmağa qoyurdu.
Baksovetdə işləyən o yekəpər, deyilənə görə, Şuşanın imkanlı adamlarından biriydi. Bakıya təzəlikcə gəlmişdi və gələn kimi də Baksovetdə işə düzəlib, Nüvarişin yaşadığı binanın 10–15 addımlığındakı kooperativ binada özünə dördotaqlı mənzil almışdı. Bu adamın bədən quruluşu, az qala, kvadratşəkilliydi. Kürəyinin heyrətamiz enliliyi heç bir standarta uyğun gəlmirdi. Zilqara, çal saçları, qalın qapqara qaşları, enli, qalın bığı və timsah gözünə bənzəyən – məzmunsuz və ifadəsiz domba gözləri vardı. Nüvariş Qarabağlı üçün bu adamın hətta ad-familiyası da onun allahsız və imansız olmağından xəbər verirdi: ŞAHQACAR ƏRMƏĞANOV! Başın batsın, ay bu heyvana ad qoyan!
Bir səhər – hələ sübhün gözü təzəcə açılanda həyətə haray-həşir düşdü:
Eşidin, ay camaat, bir erməni arvadı özünü balkondan atıb. Qreta Sarkisovnanın bapbalaca bədəni bir yekə qan gölməçəsinin içində hələ can verməkdə ikən şəhərin hər yerinə xəbər yayıldı ki, özünü balkondan atan erməni, üstəlik, belə bir məktub da yazıb qoyub: “ERMƏNİLƏRİN SUMQAYITDA TÖRƏTDİYİ CİNAYƏTƏ GÖRƏ ÖZÜMƏ NİFRƏT EDİRƏM. MİLLƏTİMƏ NİFRƏT ETDİYİMƏ GÖRƏ DAHA BU DÜNYADA YAŞAMAQ İSTƏMİRƏM. QARABAĞ AZƏRBAYCANINDIR. YAŞASIN AZƏRBAYCAN”…
Bu “intiharın” yekəpər şuşalı tərəfindən törədildiyinə Nüvarişin nə o vaxt şübhəsi olmuşdu, nə də indi bir zərrə şübhəsi vardı. Qreta Minasovanı o balkondan o yekəpər Şahqacar Ərməğanovun, bəlkə də, şəxsən özü atmışdı. Bu saat kim kiməydi. Allahın var, gündə yüz ermənini götür, balkondan at aşağı. Lap elə müsəlmanın özünü də. Əgər adamın dadına çatacaq bir kimsəsi yoxdusa, indi onu yox eməyə nə vardı ki… Və əvvəllər yalnız nifrət elədiyi Baksovet işçisindən indi artist gün-gündən daha çox qorxmağa başlamışdı. Silist yox, məhkəmə yox, əgər bir gün Şahqacar adlı o allahsız şuşalı Nüvarişin özünü də balkondan atıb, adını intihar qoysaydı, bu cinayətin üstünü kim açacaqdı, o qansız, allahsız şuşalının əsil bandit olduğunu kim sübuta yetirəcəkdi…
Tapança, yalnız tapança!
Keçirdiyi dəhşətli stressin soyuq, boz sarsıntısı hələ canından çıxmamış, artistin emosional, valığında nifrət və qəzəb qığılcımları sürətlə artmaqda, alışmaqdaydı… Axı o, sahə milsənerinə gündə neçə dəfə demək olardı ki, adam ol, vicdanın olsun, yığışdır bu fahişəxananı, yoxsa bu gün-sabah bu şəhər başdan-ayağa fahişəxanaya dönəcək. Bu məsələyə görə artist dönə-dönə milis rəisinin qəbulunda olmuşdu, raykoma, Mərkəzi Komitəyə, hətta o Baksovetin özünə də neçə dəfə teleqram vurmuşdu, məktub göndərmişdi və axırda bu qərara gəlmişdi ki, daha bu ölkədə ya hökumət yoxdur, ya da vəzifə başında oturanlarn hamısı onun erməni qonşusunun evini zəbt eləyib fahişəxanaya döndərmiş o allahsız, dinsiz-imansız Şahqacar Ərməğanovla əlbirdir. Teatrın köhnə işçisi Qreta Minasovanın evində son aylar nələr baş verdiyini Nüvariş Qarabağlı teatrda hamıya danışmışdı. O, təkcə Saday Sadıqlıya bu barədə bir söz deməmişdi. Belə şeyi ona deməyin heç mənası da yox idi: bu adam həmişə öz aləmindəydi, onun fikri-xəyalı daima göylərdə gəzirdi. Bir də dahiliyinə qəlbən inandığı və şəxsiyyətinə ürəkdən pərəstiş elədiyi belə bir adamı bu cür murdar məsələyə qarışdırmaq, Nüvariş Qarabağlıya görə, heç insafdan da deyildi.
Şahqacar adlı o peysəriyoğun Baksovet banditinin qorxusundan bu yay ən isti günlərdə də artist gecələr qapı-pəncərəni bərk-bərk bağlayıb, bircə Allah bilir ki, nə zülmlə səhərin açılmağını gözləmişdi. Və bu yuxusuz, məşəqətli gecələrin birində o, haradan, hansı yolla olur-olsun, özünə tapança tapmağı qərara almışdı. Bundan ötrü Nüvariş tanıdığı və köməyinə ümid etdiyi bir neçə milis və voyenkomat işçisinə ağız açmışdı. Ancaq bu xahişi ilə o, həmişə güldürdüyü adamları bir də güldürməkdən savayı heç nəyə nail ola bilməmişdi. Və artist o silahı əldə edib, evində az-çox rahatlıq tapacağına olan o kövrək ümidi də az qala büsbütün itirməkdə ikən teatrda üç pyesi oynanmış sanballı bir yazıçı (ikicə gün bundan əvvəl) o tapançanı tapmağın ən sadə yolunu artistə nişan vemişdi. O sanballı yazıçının dediyinə görə, bu saat Xalq Cəbhəsi üzvlərinin əksəriyyətində bir, ya bir neçə tapança vardı. Oradakı “uşaqların” əlilə nəinki “Makar”, ya “Kalaşnikov”, hətta lap pulemyot da əldə etmək olardı. Və yenə də o sanballı yazıçının dediyinə görə, Nüvariş Qarabağlı kimi tanınmış sənətkarın bundan ötrü Xalq Cəbhəsinin qərargahına gedib, Böyük Bəyə bircə kəlmə söz deməsi kifayət idi.
Nüvariş Qarabağlı Əbülfəz Elçibəyi çoxdan və çox yaxşı tanıyırdı.
Bulvardakı, Malakan bağındakı, Azneft meydanının yanındakı çayxanaların hər birində o Bəylə bəlkə yüz dəfə çay içmişdi və cibində lap az miqdarda pul olanda da çayın pulunu çox vaxt özü verməyə çalışmışdı.
Bu gün günortaya yaxın evdən çıxan kimi artist birbaşa Xalq Cəbhəsinin qərargahına yollandı. Bəy yerində yox idi. Qərargahın qabağında artist azı bir saat dayanıb, Bəyin gəlməyini gözlədi. Sonra gedib “Araz” kinoteatrının yanındakı kafedə nahar elədi: 150 qram araq içib iki pors sosiska yedi. Və elə o kafedəncə çıxıb, təzədən Xalq Cəbhəsinin qərargaına getdiyi yerdə fantanlı hovuzun yanındakı o dəhşətli hadisənin üstünə çıxdı.
İndi xəstəxananın alaqaranlıq dəhlizində doktor Fərzaninin kabineti qarşısındakı skamyada əyləşib cərrahiyyə əməliyyatının qurtarmasını gözləyən Nüvariş Qarabağlı bu gün Bəylə baş tutmayan o görüşdən xəyalında bir görüş səhnəsi yaratmışdı ki, gəl görəsən: “-Buyur, bəy! Xoş gəlib səfa gətirmisən! – Böyük Bəy (artistn xəyalında) köhnə çayxana dostunu hədsiz sevinclə qarşıladı. – Kefin-zadın? Tiyatırda nə var, nə yox? Kimin əsərin qoyursuz? Elə dünən səni uşaqlardan soruşurdum. Deyirdim, bəy görsənmir. Bir maraqlanın, görün hardadır sənətkar? Bəlkə, bir dərdi-səri var, bilmirik.
– Dərd-sər deyəndə ki… – Artist elə bunuca deyib, tapança məsələsinin həllini mümkün qədər tezləşdirmək məqsədilə Şahqacar Ərməğanovun alçaq əməlləri barədə Xalq Cəbhəsinin liderinə və keçmiş çayxana arkadaşına, məzmunlu və təsirli, qısa məlumat verdi. Və qonşuluğundakı fahişəxananın qızğın fəaliyyəti barədə də Böyük Bəyə bir-iki kəlmə söz demək istəyirdi ki, köhnə dostunu Xalq Cəbhəsinin qərargahına gətirən məsələnin nə məsələ olduğunu, dahilərə məxsus həssaslıqla öncədən hiss eləyn Bəy öz keçmiş çayxana həmkarının sözünü kəsib, onu əziyyətdən qurtardı:
– Xırda məsələdi, bəy! – Böyük Bəy saqqalına yüngülcə sığal çəkib ucadan və ilhamla dilləndi. – Xalqa lazım olan insanları qorumaq bizim borcumuzdur. – Telefonun dəstəyini götürüb, kiməsə göstəriş verdi: – O piştovdan birini gətir sənətkara. Dostumdu. Ünlü sənətkarımızdı. Xalqa lazımlı adamdı. Bəli, çətin vaxtdı, xatalı zəmanədi. Biz öz sənətkarlarımızı imkan daxilində qorumalıyıq. – Böyük Bəy (artistin xəyalında) məhz bu sözləri dedi və bu sözləri deyəndən sonra, mehribanca gülümsəyərək, telefonda astadan əlavə elədi: – Patronun bir az artıq elə”.
O tapançanı hökmən, özü də məhz Bəyin vasitəsilə lap yaxın günlərdə əldə edəcəyinə inanandan sonra Nüvariş Qarabağlı fikirləşdi ki, gərək insan ötən günün qədrini bilsin. Cəmi bir il-ilyarım əvvəl elə o çayxanalardaca Bəylə keçirdiyi günləri həsrətlə yadına saldı. 1979-cu ilin may ayını xatırladı: Heydər Əliyevin teatra gəlişini və özünün (heç gözləmədiyi halda) bircə sutkanınn içində şəhərin mərkəzində ev almağını… Hələ 1960-cı illərin əvvəllərində (23–24 yaşlarında) bir dəfə möhkəm vurub, gecə vaxtı lül-atəş avtobus dayanacağına tərəf gedəndə – Zevin küçəsinin tinində, Heydər Əliyevlə rastlaşmağı xatirinə gəldi. O zaman Nüvariş Qarabağlı ata evində olurdu və teatrda hələ təzə-təzə epizodik rollarda oynamağa başlamışdı. Və burası heyrətamiz dərəcədə qəribəydi ki, Nüvarişin o dərəcədə əhəmiyyətsiz, epizodik rollarını Heydər Əliyev görmüşdü. Həm də nəinki görmüşdü, hətta yadında da saxlamışdı.
O gecə Heydər Əliyev özü də, görünür, hardansa yeyib-içməkdən gəlirdi. Əhvalı çox yaxşıydı. (Yanında özü yaşda bir kişi də vardı.)
–Ə, artist qardaş, dayan görüm, – dedi. – Amma bərk vurmusan ha! Harda vurmusan? – Yanındakı kişini göstərdi. – Biz də vurmuşuq da. Bə niyə düz yolda valaylamırıq?
O vaxt Nüvariş, məlum məsələdir ki, Heydər Əliyevi tanımırdı. Əgər Heydər Əliyevin özü əlini ona uzadıb “Gəl, tanış olaq” deməsəydi, o gecə Zevin küçəsinin tinində kiminlə rastlaşmağı sonralarheç bir zaman artistin yadına, əlbəttə, düşməyəcəkdi.
– Gəl, tanış olaq: Heydər Əliyev! – Dostu ilə hardansa kefdən gələn 30–35 yaşlı ucaboy, uzunsifət, arıq kişi özünü artistə belə nişan verdi. – Sən də artistsən, bilirəm. Teatrda yaxşı rollar oynayırsan. Bəs indi gecənin bu vaxtı hara gedirsən?
Nüvariş dili dolaşa-dolaşa:
– Xı-xı… Xırdalana, – dedi. – Gedirəm, avtobusa minim.
Uzunsifət kişi bu dəfə artisti başından ayağınacan süzdü:
– Di yeri, get, – dedi. – Gecdi. Bundan sonra bir də belə içmə.
“Sən yenə Xırdalanda yaşayırsan?”
Zevin küçəsinin tinindəki o təsadüfi görüşdən az qala 25 il keçəndən sonra Heydər Əliyevin teatrda dediyi bu sözlər indi artistin qulağında o qədər güclü və canlı səsləndi ki, elə bil xəstəxana koridorunun ölü divarları da bu səsi açıq-aşkar eşitdi.
“-Yox, indi Montində yaşayıram – yerdən bir mərtəbə aşağıda”.
“-Sabahdan şəhərin mərkəzində yaşayacaqsan – yerdən 10 mərtəbə yuxarıda”.
O axşam Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərinin tamaşasından sonra bütün yaradıcı kollektiv teatrın direktoru Mopassan Mirələmovun kabinetinə yığışmışdı. O tamaşada Nüvariş Qarabağlı Dərviş Məstəli şah rolunu oynayırdı və onun oynadığı rol, deyəsən, Mərkəzi Komitənin Birinci katibinin xoşuna gəlmişdi. – “Ölülər”də Şeyx Əhmədi də əla oynayırsan, – dedi. – Televizorda iki dəfə baxmışam. Sən belə rolları çox oyna”.
O gün teatrdan 4–5 adama ev verməyi H.Əliyev, görünür, əvvəldən planlaşdırıb gəlmişdi və bu plana görə, yəqin ki, Qreta Minasovanın adı o 4–5 adamın içində hökmən olmalıydı. “Burda bir köhnə işçi vardı: Minasova. O yenə burda işləyir?” – Kimin harda işlədiyni hamıdan yaxşı bilən H.Əliyev teatrın direktorundan soruşdu. Və bu gözlənilməz dəvətdən özünü itirib direktorun kabinetinə ağappaq, meyid sifətində girən Qreta Sarkisovna sonra o kabinetdən ağlaya-ağlaya çıxdı: “Спасибо, Гейдар Алиевич! Огромное Вам спасибо!”[1]
Qreta Sarkisovnanın o axşamkı sifəti ind də artistn gözünün qabağındaydı.
Бесплатно
Установите приложение, чтобы читать эту книгу бесплатно
О проекте
О подписке