Читать бесплатно книгу «Daş yuxular. Rekviyem romanı» Акрама Айлисли полностью онлайн — MyBook
image

Əvvəlinci fəsil

Ağrılarına ağlamadığımız həmyerlilərimin xatirəsinə


Asqılıqda işləyən qadının müəmmalı ölümü. Məşhur artistn qoxunc zarafatı və partbilet-pistolet

Bakının böyük xəstəxanalarından birinin travmatologiya şöbəsinə indicə gətirilmiş xəstənin vəziyyəti olduqca ağır idi.

Təkərli xərəyin üstündə huşsuz uzanmış xəstəni xəstəxana binasının bütöv bir mərtəbəsi boyunca uzanıb gedən alaqaranlıq koridorun ortası ilə o başdakı cərrahiyyə otağına tərəf aparırdılar. İki nəfər ağxalatlı qadın, iki nəfər də ağxalatlı kişiydi. Təmkini, sifətinin ağayana ciddiliyi və xalatının məxsusi ağlığı ilə yanındakılardan seçilən arıq, ağsaçlı, ortaboylu cərrahın özü də xərəyin yanınca gedirdi.

Gündəlik xəstəxana həyatının bu adi, epizodik mənzərəsində yad və yersiz görünən bir şey vardısa, o da xəstəni xəstəxanaya gətirənin görkəmində və hərəkətlərindəki faciəvi komiklik idi. Arıq, xırdaca sifəti yekəcə, yupyumru qarnı ilə heç cür uyuşmayan 55–60 yaşlı bu balacaboy qıvraq kişi həkimin sağına-soluna keçə-keçə, demək olar ki, eyni sözləri elə bir hey təkrar-təkrar üyüdüb tökürdü.

– Doktor, sənə qurban olum, doktor… öldürürdülər. Bu boyda insanı döyə-döyə məhv eləyirdilər. Yerazlar, doktor, yerazlar. Beş-altı yeraz gədəsi… Bu qaçqın köpəyuşağı heç adam-zad da tanımır, sənə qurban olum, doktor. Bunnar nə artist tanıyır, nə şair-yazıçı tanıyır. Deynən ermənidir, vəssalam. Sal ayağının altına, tapdala, təpiklə vəhşi kimi. Lap dart, ciyərin çıxart, əttövbə, bir adam yaxın düşə… Deyirəm, vurmayın, dayanın, bu adam erməni deyil, öz xalqımızın oğludu, millətimizin fəxridi, vicdanıdı. Ha de, eşidən kimdi. Heç qoymadılar öz adımı deyəm. Böyrümə bir təpik vurdular ki, az qaldı, nəfəsim kəsilə. Bax, buramnan, doktor, sağ böyrümnən. Hələ də göynüyür yeri…

Həkim xəstəni gətirənin dediklərini bir o qədər də yaxşı başa düşmürdü.

Bəlkə, heç başa düşmək də istəmirdi. Dama-dama qəhvəyi köynəyinin yaxasına sarı qalstuk taxmış bu törə, baməzə adamın bir ucdan üyüdüb tökdüklərini həkim, ola bilər ki, hətta heç eşitmirdi də. Ancaq bu gülməli vəziyyətdə də öz zahiri ciddiliyini saxlamaqda olan həkimin arabir bığaltı qımışdığını da arif adam asanca sezə bilərdi. Özü də ona görə yox ki, xəstəni xəstəxanaya gətirən hər sözü, hər ədası ilə əlbəəl komik vəziyyət yaradırdı. Çoxusu ona görə ki, xərəkdə uzanan sarışın adam bədəncə arıq, boyca gözə çarpacaq dərəcədə uzun idi. Və bu iki adamın – xəstənin və xəstəni gətirənin görkəmindəki bu təzad, çox güman ki, Don Kixot və Sanço Panso əhvalatının ən qəmli səhifələrindən birini həkimin yadına salırdı.

Cərrahiyə otağının qapısı ağzına çathaçatda ağxalatlı kişilərdən biri xərəkdən aralanıb, xəstəni gətirənin qabağını kəsib durdu. Yəni səninki buracandı, bu qapıdan içəri keçməyə sənin ixtiyarın yoxdur.

– Qoy keçsin. – Həkim dedi. – Çox sözlü adama oxşayır. Qoy bir az ürəyin boşaltsın görək.

Cərrahiyyə otağı koridordan xeyli kiçik olsa da, böyük-böyük pəncərələri olan hündürtavanlı yekəcə bir yer idi. Otağın tən ortasındakı iri cərrah stolu da elə bir növ xəstənin uzandığı ağörtüklü xərəyə bənzəyirdi. Xərəyi bura gətirən iki nəfər ağxalatlı kişi xəstəni xərəkdən qaldırıb həmin stolun üstünə uzatdı və başlarının hərəkətilə həkimdən icazə alıb otağı dinməz-söyləməz tərk etdi.

– Peroksid! – Həkim xalatının qollarını çırmaya-çırmaya ucadan tibb bacılarına dedi. – Gətirin, yuyun sifətin. Qanına qəltan edilmiş xəstəyə baxa-baxa, deyəsən, dodağının altında bir-iki söyüş söydü və üzünü xəstəni gətirənə tutub, hirsli-hirsli soruşdu: – Bunu kim bu hala salıb?

– Mən sizə dedim axı, doktor, yerazlar. Ermənistandan gələn vicdansız qaçqın gədə-güdəsi. Vurub baş-gözünü şil-küt eləməkləri bəs deyil, hələ yerə sərib, qarın-qursağını da vəhşi heyvan kimi təpikləyirdilər. Yaxşı ki, mən də oralardaydım, doktor. Şəhərə çıxmışdım ki, bir az zehnimi açım. Elə Parapet deyilən o viran qalmış yerdən çıxanda bir də gördüm, fantanın qırağında beş-altı bığıburma gədə bir adamı salıb araya, vur ki, vurasan. Yerazlar, doktor, yerazlar!… Bir xeyli adam da durub qıraqdan tamaşa eləyirdi…

Bu yerdə xəstəni gətirənin birdən-birə dili tutuldu. Dodaqları yenə təprənirdi, ancaq dediyi sözlər, elə bil, xirtdəyindən yuxarıya gəlib çatmırdı, sözlərinin səsi çıxmırdı.

– Perekis qurtarıb, doktor. – Şəfqət bacılarından biri hüznlü səslə, olduqca yavaşdan dedi. (Qadınların biri ahılca qarı, o biri cavanca gəlin idi).

– Spirt olmalıydı. – Həkim ümidsizcəsinə dilləndi.

– Xeyr, doktor. Olanın hamısını dünən işlətdiniz.

– Yaxşı, suyunan təmizləyin. Marqansın az eləyin. Həkim otağın aşağı başındakı əlüzyuyanda sabunla əl-qolunu yuyub, yenə gəlib cərrah stolunun yanında durdu: – Əynində nəyi var çıxardın, bircə trusiki qalsın, vəssalam.

Bığları, ağız-burnu, çənəsi, narıncı köynəyinin yaxası və tündgöyümtül pencəyinin ətəkləri alqırmızı qan içində olan xəstə isə cərrah stolunun üzərində elə qəşəng, elə rahat uzanmışdı ki, elə bil döyülən, təpiklənən, ağız-burnu qana qəltan edilən o deyildi. O “Parapet” deyilən yerdə, o fantanın qırağında sanki onun özünü yox, ən qəddar düşmənini döymüşdülər. Sinəsindən arabir kəsik-kəsik xırıltılı səslər çıxsa da, xəstə əməllicə yatırdı. Və yatmağı öz yerində, hələ, deyəsən, yuxu da görürdü və o yuxuda gördüyü vaqiə ona əməllicə ləzzət verirdi.

Qadınlar xəstənin üz-gözünün qurumuş qanını sürətlə silməkdəykən həkim huşsuz uzanmış pasientin nəbzini yoxlayırdı. Onlar xəstəni trusikinəcən soyundurub qurtarandan sonra həkim onu diqqətlə müayinə edə-edə elə bil eyni zamanda özünə, ya kiməsə aramla hesabat verirdi: – Alt dodağının iki yerindən tikiş qoyulmalıdır. Üst dodağında profilaktik müalicə. Çənə nahiyəsində sınıq yoxdur. Sol qolunun iki yerində çıxıq: dirsəyində, bir də biləyində. Sağ əlinin iki barmağında da çıxıq var: baş barmaq, uzun barmaq. Sol qıçının bir yerində kəskin əzələ zədələnməsi. Sağ qıçının diz qapağının sınığı. Kürəyində, döş nahiyəsində, fəqərə sütununda ciddi anomaliya yoxdur. Kəllə sümüyündə sınıq nəzərə çarpmır.

Həkim sözünə ara verib, görünür, dodağının altında yenə uzun-uzadı söyüş söydü.

– Сотрясение мозга! – Həkim bunu nədənsə rusca lap ucadan dedi və şalvarının cibindən çıxartdığı cib dəsmalıyla tələsmədən alnının tərini silib yenə rus dilində əlavə elədi: – Избиение зверское!

Həkimin dediyi hər sözdən sonra xəstəni gətirənin içinin sarsıntısı onun üz-gözündə də ağrı və əzab şəklində əks olunurdu. O özünü güc-bəla ələ alıb, ağlamağını birtəhər saxlayırdı. Həkim müayinəni bitirəndə bu adamın səbri, dözümü də birdən-birə tükəndi. O, gözünün, burnunun suyunu axıda-axıda günahsız uşaq kimi ürəkdən ağlamağa başladı.

Həkimin əməliyyata başlamağı üçün şıdırğı hazırlıq görən ağxalatlı qadınlardan birinin (cavan gəinin) gözləri yaşla doldu. Xəstəni gətirənin bu halına acıyan ahıl qadın bir müddət gözlərini yumub başını, bədənini dərdli-dərdli yırğaladı. Əsərimizin komik qəhrəmanının bu təhər uşaqsayağı ağlamağı həkimə də təsir elədi. Həkimin xəstəni gətirənə yaman yazığı gəldi. Qayğılı, ciddi görkəminə bir o qədər də yaraşmayan mehriban, həzin səslə həkim xəstəni gətirəni ovutmağa çalışdı:

– Paho, bu olmadı ki… Qorxulu heç bir şey yoxdur. Düz on beş gündən sonra dostunu konfet kimi bir oğlan eləyəcəyəm.

Həkim başını aşağı salıb bir müddət fikrə getdi. Sonra başını qaldırıb xəstəni gətirəndən olduqca ehtiyatla xəbər aldı:

– Demək, deyirsən ki, bu adam ermənidir.

Xəstəni gətirənin gözləri təəccübdən bərələ qaldı:

– Buy, bu nə sözdür, doktor! Siz bunu tanımırsız, bəyəm?…Siz Saday Sadıqlını tanımırsız? Azərbaycan teatrının fəxrini. Bu ölkənin bir nömrəli artistini. Siz bu boyda sənətkarı, doğrudan, tanımırsız, doktor? Yəni televizorda da görməmisiz?… Siz mənim özümü də televizorda çox görmüsüz, doktor. Ola bilər ki, adımı yadınızda saxlamamısız… Nuvariş Qarabağlı – komik rolların tanınmış ifaçısı. Məni tanımasaz da olar. Mən sizdən incimirəm. Ancaq Saday Sadıqlını tanımayan yoxdur axı. Hamleti, Otellonu, Aydını, Kefli İskəndəri bunun kimi oynayan hələ heç yerdə olmayıb.

– Mən sizi görən kimi tanıdım! – Cavan tibb bacısı o yandan fəxrlə bəyan elədi.

– Sizin hər ikinizi mən də televizorda çox görmüşəm. – Yaşlı qadın nədənsə nazlana-nazlana dedi. – Ancaq həkimdə taxsır yoxdur. Həkim 30 ildən çox Moskvada yaşayıb. Doktor Fərzaninin Moskvadan Bakıya gəldiyi heç üç il də deyil.

Tanınmağından aşkarca fərəhlənmiş Nüvariş Qarabağlının hələ yaşı qurumamış gözlərindən indi bir dünya işıq yağırdı. Həkimin nə onu, nə də onun xəstəxanaya gətirdiyi Saday Sadıqlı kimi məşhur bir adamı tanımamağının səbəbini biləndən sonra artistin bu sarıdan da heç bir narahatlığı qalmamışdı. Onların hər ikisini əvvəlcədən tanıyan şəfqət bacılarının bu tanışlığı bayaqdan üzə vurmamağını isə Nüvariş Qarabağlı bu dünyanın mütrifanə əməllərindən biri kimi çoxdan görüb qəbul eləmişdi. (O, insanlara yalnız gülmək üçün lazım idi. Bunu bilirdi və buna həmişə hazır idi. Ancaq insanlardan ona bir şey lazım olanda bu insanlar onu çox vaxt tanımırdılar, daha doğrusu, özlərini tanımamazlığa vururdular. İnsanlardakı bu xasiyyəti o, hər hansı bir rəisin yanına girməyə tələsəndə və ya hər hansı aztapılan bir şeyi növbəsiz almağa cəhd göstərəndə o rəisin qəbulunda oturan və o aztapılan şeyin növbəsində duran adamların rəftarında dönə-dönə müşahidə eləmişdi. Bu iki ağxalatlı qadının iki məşhur artisti tanıdığını əvvəldən boynuna almamağınınsa yalnız bir səbəbi ola bilərdi: qadınlar bu məsələnin həkim tərəfindən yaxşı qarşılanmayacağından, ola bilər ki, ehtiyatlanmışdılar.)

Nüvariş Qarabağlı başa düşdü ki, bayaqdan nə deyibsə, hamısı həkimin qulağından yan keçib.

Ya həkim çox fikirli olub, ya da onun özü hissindən, həyəcanından demək istədiyni aydın deyə bilməyib. Buna görə də fikrini mümkün qədər cəmləşdirib, Parapet bağının yanındakı fantanlı hovuzun qırağında baş vermiş əhvalatı həkimə bəsit və primitv şəkildə təzədən danışmağa başladı:

– Məsələ belədi, doktor: mən bu gün şəhərə çıxmışdım. Saat neçəydi, dəqiq deyəmmərəm – 10 olardı, 11 olardı. Parapet bağının yanında bir yer var – fantan olan yer – yəqin görmüş olarsız. Həmin o fantan olan yerdən bir dəhşətli səs gəlirdi, doktor. Kim idisə elə bil ulayırdı. Sən demə, bir qoca erməniymiş. Evindən çıxıb çörək dükanına getdiyi yerdə yerazların girinə keçibmiş. Ev paltarında… Ayağındakı başmağı da yumşaq ev başmağıydı. Özüm gördüm suyun dibində. Çünki mən ora çatanda ermənini öldürüb sərmişdilər hovuzun ortasına.70–80 yaşlı qoca kişiydi. Gözləri açıq idi, doktor, altdan-yuxarı adamın üzünə baxırdı. Görən deyərdi, bu adam heç ölməyib, sağdı. Onun necə öldürülməyini mən özüm görmədim, doktor. Əvvəldən orda olanlar deyirdi ki, ermənini əvvəlcə götürüb atıblar hovuza, buz kimi soyuq suyun içinə. O da – o qoca erməni soyuq suda dura bilmirmiş axı. İstəyirmiş ki, birtəhər çıxsın hovuzdan. O gədələr də düzülüb hovuzun qırağına, təpiyi təpik dalınca erməninin kəlləsinə döşəyirmişlər. Bunun da – bu Saday Sadıqlı Allah köməyi olmuşun bəlası həmişə başının üstündədi. Yoxsa buna nə düşmüşdü ki, günün o vədəsində gedib o müsibətin üstünə çıxaydı… Dözməyib də, dözməyib, doktor!.. Sənətkardı, humanist adamdı. Ürəyi dözməyib, özün verib qabağa. O yeraz gədələr də nə bilsin ki, kimdi bu adam. Ermənistannan dünən gəlmiş adamlardı. “Erməni” deyib düşüblər üstünə. Mən ora çatanda ermənini öldürüb meyidin hovuza sərmişdilər. Bunu da öldürəcəkdilər, doktor. Mən ora bircə dəyqə gec çatsaydım, bunu da o qoca erməninin yanına göndərəcəkdilər. Allah rəhm elədi, sağ qaldı. Sizə qurban olum, doktor, bu dahi insanın həyatı indi sizin əlinizdədi.

Həkim əməliyyata başlamağa tələsirdi. Ancaq bundan ötrü elə bil nəsə çatışmırdı, nəsə azlıq eləyirdi. Bir də, artistin dedikləri həkimi bir qədər sarsıtmışdı deyəsən. Cərrah stolunun üstündə ağır beyin silkələnməsindən huşsuz uzanmış bu Hamletin, Otellonun və Kefli İskəndərin bir qoca, günahsız insanı ölümdən qurtarmğa cəhd göstərməyində həkim qeyri-adi heç nə görmürdü. Həkimə görə, adını insan qoyan hər kəs belə yerdə yalnız bu cür hərəkət etməliydi. Ancaq bu şəhərin adamları sanki sözü bir yerə qoyub, məhz bu “insanlıq” deyilən şeydən indi hamılıqla uzaq olmağa çalışırdılar. İnsan olub insan sifətində qalmaq bu şəhərin adamlarına elə bil daha sərf eləmirdi. İnsanların bir qismi sifətini gizlətmişdi, bir qismi sifətini dəyişmişdi, bir qismi sifətini itirmişdi. İnsanların bir qismində isə bu insanlıq sifəti, görünür, heç əvvəldən də olmamışdı.

Cəmi 10–15 gün bundan qabaq doktor Fərzani xəstəxanaya, Allah bilir ki, hansı yolla çatdırılmış 14–15 yaşlı bir erməni qızının üzərində elə bu otaqdaca ağır cərrahiyyə əməliyyatı aparmışdı.

Metroda – insanın gur yerində 5-10 müsəlman arvadı birdən üstünə cumub, yüz adamın gözü qabağında qıza divan tutmuşdu. Əllərinin on barmağının onunu da qırmışdılar. Saçını yolmuşdular. Əyninin paltarını cırmışdılar. Üz-gözündə salamat yer qoymamışdılar. Və lap bir neçə gün bundan əvvəl gözünün biri dağa, o biri arana baxan çəpgöz, bədheybət bir şair özbaşına xəstəxanaya dürtülüb, kardioloji şöbənin 40 illik həkimini, erməni olduğuna görə, kabinetindən çıxarıb döyə-döyə küçəyə qovmuşdu. Bu hadisədən sonra xəstəxanada nə həkim, nə qeyri-həkim bir nəfər də erməni qalmamışdı. Kimisi gedib evində gizlənmişdi, kimisi Bakıdan həmişəlik köçüb getmişdi…

– Aydındı, Nümayiş müəllim! Fars deyər: məsələ məlum əst. – Şəfqət bacılarının ayrıca stolun üstündə səliqə ilə yan-yana düzdüyü cürbəcür cərrahiyyə alətlərinin əvvəlki düzülüşünü tələsmədən dəyişə-dəyişə, xeyli susandan sonra, həkim içinin bədbin ovqatı ilə uyuşmayan gümrah səslə dedi.

Nüvariş Qarabağlı adının təhrif edilməyindən incimədi. (30 ildən çox Moskvada yaşayanın buna haqqı vardı.) Ancaq o bu təhrifə təcili düzəliş verməyin vacib olduğunu da yaddan çıxarmadı:

– Nüvariş Qarabağlı kimdi ki, doktor, – dedi. – Adi aktyordu. O gədələr bunun yerinə kaş məni bu günə salaydılar. Yüz Nüvariş Qarabağlı bir Saday Sadıqlının heç çeçələ barmağına da dəyməz.

– Bu da qarabağlıdı? – Xəstənin nəbzini bir də yoxlaya-yoxlaya həkim yavaşca soruşdu.

– Heç mən də qarabağlı deyiləm, doktor. Əslimiz Kürdəmirdəndi. Özüm Xırdalanda doğulmuşam. “Qarabağlı”nı özümə təxəllüs götürmüşəm… Bunun kəndi Naxçıvandadı. Ordubad rayonunda bir kənd var – Əylis kəndi. Çox da qədim kənddi, doktor, özüm gedib görməsəm də, bilirəm ki, o Əylisdə bir vaxt ermənilər də çox olub. Onların 7–8 kilsəsi orda, deyirlər, indi də durur. O ermənilər, görünür, çox sakit, çox yaxşı adam olublar. Bu Saday Sadıqlı da elə adamdı ki, doktor, dünya dağıla, yaxşıya pis deməz. Bu adam indiyəcən yüz dəfə dilinin bəlasına düşüb, ancaq xasiyyəti həmişə yerindədi. Bir-iki aydan sonra 50 yaşı olacaq, hələ də 10 yaşlı uşaqdı elə bil. Ürəyində nə var, dilinin ucundadı. Belə bir xatalı vaxtda da, doktor, dilini dinc qoymaq istəmir. Deyir: pis bizik, erməni yaxşıdır. Qorxmur. Teatrda, çayxanada – hər yerdə deyir bunu.

Doktor Fərzani gözlərini gen-gen açıb bu dəfə xəstənin üzünə xüsusi maraqla baxdı.

Sanki onu lap indicə və ilk dəfə görürdü. Qadınlar ağız-ağıza verib bir müddət xısın-xısın pıçıldaşdılar. Sonra doktor Fərzani ərklə Nüvariş Qarabağlının qoluna girdi və onu qapıya sarı apara-apara: – Gəl görüm, cavan oğlan, – dedi, – day burda sənnik bir iş qalmadı. Çıx, otur koridorda, dincəl özün üçün. İstəyirsən get evə, yüz qram vur bədənə, yıxıl yat, kef elə. Sonra gəlmək istəsən, gələrsən. Bu, sənin üçün kor bağırsaq kəsmək deyil, kapitalnı remontdu, 3–4 saat çəkəcək. Dostun yaşayacaq, qorxma. Mən bunnan bir Otello düzəldim ki, Dezdemonanın sevindiyindən ürəyi keçsin.

Və həkim artisti koridora ötürüb qapıları örtdü.

Cərrahiyyə otağının ikitaylı qapısı örtüləndən sonra Nüvariş Qarabağlı elə bil birdən-birə dünyadan büsbütün təcrid olundu.

Бесплатно

0 
(0 оценок)

Читать книгу: «Daş yuxular. Rekviyem romanı»

Установите приложение, чтобы читать эту книгу бесплатно